Azərbaycan prezidenti İlham Əliyev ümid edir ki, Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın danışıqları Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasında tərəqqiyə gətirəcək.
“Ümid edirəm ki, Vaşinqton danışıqları hətta nəticə verməsə belə, biz tərəqqinin əlamətlərini görə biləcəyik”, - Əliyev çərşənbə günü Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışı zamanı bildirib.
O qeyd edib ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra - 2020-ci ilin payızında Ermənistana münasibətləri normallaşdırmağı təklif edib. Dövlət başçısı bunun həm Bakının, həm də İrəvanın maraqlarına cavab verdiyini hesab edir.
Əliyev məlumat verib ki, Bakı sülh müqaviləsi layihəsinin dörd variantını göndərib, İrəvanın son təkliflərinə cavabını Bakı "40 gündən çox" gözləyib və "Vaşinqtonda görüşdən bir həftə əvvəl" alıb, “çünki onlar başa düşürdülər ki, onsuz Vaşinqtonda görüş tamamilə səmərəsiz olardı".
Dövlət başçısı davam edib ki, lakin bu cavabda Azərbaycan tərəfi “bir daha və bir daha Azərabaycana qarşı ərazi iddiaları” görüb.
O vurğulayıb ki, “qondarma, mövcud olmayan “Dağlıq Qarabağ Respublikasını” sülh müqaviləsinin mətninə daxil etmək cəhdləri qeyri-məhsuldardır”.
Əliyev əlavə edib ki, əgər Ermənistan konstruktiv yanaşma göstərməsə, o zaman Bakı ilə Irəvan arasında sülh və qarşılıqlı əlaqə olmayacaq. Onun sözlərinə görə, bu halda Ermənistan "yeni geosiyasi konfiqurasiyada yer axtarmalı olacaq, çünki bütün geosiyasi vəziyyət nəinki regionda, həm də dünyada dəyişib", və burada Azərbaycanın yeri var, “lakin Ermənistan üçün bu böyük çağırış olacaq". **
R.Kərimov