Azərbaycan prezidenti İlham Əliyev əmindir ki, Türkiyə ilə mövcud müttəfiqlik münasibətlərinin formatı möhkəmlənəcək.
“Azərbaycanla Türkiyə arasında gələcəkdə münasibətlərə gəlincə, əminəm ki, Azərbaycanla Türkiyə nəinki təkcə bu müttəfiqliyin formatını qoruyub saxlayacaq, hətta onu gücləndirəcəkdir. Çünki yeni geosiyasi reallıqda bu, artıq regional sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilib. İstər bu hərbi komponent, enerji, kommunikasiyalar, istərsə də ticarət və sair sahələr olsun", - Əliyev çərşənbə günü Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda bildirib.
O əlavə edib ki, Azərbaycan-Türkiyə əlaqələrinin gələcəyi məsələsində son dərəcə nikbindir. “Hesab edirəm ki, Türkiyə ilə Azərbaycan arasında qardaşlıq xarakterli münasibətləri heç nə dəişməyəcək”, - prezident deyib.
Əliyev Bakı ilə Ankara arasında münasibətlərin möhkəmlənməsində Türkiyənin hazırki prezidenti Rəcəb Tayyip Ərdoğan faktorunu qeyd edib. “Prezident Ərdoğanın Türkiyəyə rəhbərlik etdiyi son iyirmi ildə bizim münasibətlərimiz mənim onunla birgə səylərimiz nəticəsində təkcə qardaş xalqlar arasında deyil, eyni zamanda, müttəfiqlər arasında olan münasibətlərə çevrilmişdir.Biz bunu dəfələrlə nümayiş etdirmişdik. Buna görə, əlbəttə ki, bu, regional inkişafın önəmli amilidir”, - prezident yekun vurub. **
B.Rüstəmbəyov