Prezident İlham Əliyev Bakı ilə Moskva arasında münasibətlərdə Şimali Qafqaz respublikaları ilə əlaqələrin vacib amil olduğunu qeyd edir.
“Zənnimcə, biz Rusiyanın, Sizin dediyiniz kimi parçalanacağı vaxtı görməyəcəyik. Biz Rusiya üçün bu ssenarini proqnozlaşdırmırıq. Biz Rusiyanın və bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik və hesab edirəm ki, istənilən ölkənin, xüsusilə qonşunuzun parçalanması, əlbəttə, sizin üçün potensial təhlükə törədə bilər. Qonşularımıza, tarixi qonşularımıza, Dağıstan və Çeçenistandakı qardaşlarımıza gəldikdə, bizim onlarla tarixə, ortaq tarixə və qardaşlığa əsaslanan münasibətlərimiz var. Cənubi Qafqazda Azərbaycan bütün dönəmlərdə - Sovet İttifaqı dönəmində, Çar Rusiyası dönəmində və ondan əvvəl həmişə Şimali Qafqaz xalqlarına tarixi əlaqələr, dini əlaqələr, qohumluq əlaqələri kimi bir çox əlaqələr baxımından ən yaxın olmuşdur”, - deyə dövlət başçısı mayın 3-də Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda bildirib.
Konfransın stenoqramı prezidentin saytında dərc olunub.
Əliyev vurğulayıb ki, Azərbaycan və Rusiya arasında münasibətlərdə Azərbaycanla Şimali Qafqaz respublikaları arasında kommunikasiyalar həmişə vacib amil rolunu oynayıb.
“Bunu həm Moskvada, həm də Bakıda yaxşı başa düşürlər və çoxsaylı yüksək səviyyəli təmaslarda biz həmişə Şimali Qafqazda və Cənubi Qafqazda, xüsusilə Azərbaycanda sabitlik və sülhün vacibliyini qeyd etmişik. Beləliklə, Qafqazda ayırıcı xətlər, inzibati sərhədlər, dövlət sərhədləri olsa da belə, Qafqaz vahid bir orqanizmdir. Siz bədəni ikiyə ayıra bilməzsiniz. Hesab edirəm ki, bu gün təhlükələrin qarşılıqlı anlayışı və potensialı daha çox nəzərəçarpandır. Buna səbəb geosiyasi vəziyyətin dəyişməsidir və Şimali Qafqazda da sabitlik üçün Azərbaycanın artmaqda olan əhəmiyyətidir”, - deyə prezident bildirib.*
B.Rüstəmbəyov