Azərbaycan 2023-cü ilin mart ayında İtaliyaya neft ixracının həcminə görə birinci olub.
İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, yanvarda Azərbaycan İtaliyaya neft ixracı üzrə ikinci, fevralda isə üçüncü pillədə qərarlaşıb.
Martda İtaliyaya neft idxalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21,6% artaraq 5,416 milyon ton təşkil edib.
Hesabat dövründə İtaliyaya neft tədarükçülərinin beşliyinə Azərbaycan (973 min ton: “Azeri Light” - 617 min ton, “Azeri Blend” - 357 min ton), İraq (738 min ton), Səudiyyə Ərəbistanı (718 min ton), Qazaxıstan (504 min ton) və Liviya (489 min ton) daxil olub.
2023-cü ilin mart ayında Azərbaycandan İtaliyaya neft tədarükü illik müqayisədə 40,4% artıb, cari ilin I rübündə (2022-ci ilin I rübü ilə müqayisədə) 18,7% azalaraq 2,183 milyon ton təşkil edib.
Rusiya ardıcıl dördüncü aydır ki, İtaliyaya ixrac həyata keçirmir.
Martda “Azeri Light” markalı neftin bir bareli $86,21-ə (azalma 30%), “Azeri Blend”in bir bareli $84,27-yə (azalma 29%), Qazaxıstanın “CPC Blend” və “KEBCO” neftinin bir bareli müvafiq olaraq $83,04 və $83,74-ə alınıb.
Hesabat dövründə İtaliya üçün bir barel neftin orta idxal qiyməti $82,54 (2022-ci ilin mart ayında $115,70) təşkil edib. Ən bahalı neft növü “Escravos” ($99,38), ən ucuz neft növü isə “Bravo” nefti ($70,29) olub.*
R.Kərimov