2023-cü ilin I rübündə “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokundan 35 milyon barelə yaxın (5 mlyon ton) neft hasil edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BP Exploration (Caspian Sea) Limited” şirkətindən (layihənin operatoru – İF) məlumat verilib.
Xəbər verildiyi kimi, 2022-ci ilin I rübündə AÇG blokundan ümumilikdə 39 milyon barel neft (5 milyon tondan çox) hasil edilmişdi. Beləliklə, 2023-cü ilin yanvar-mart aylarında həmin müqavilə sahəsindən neft hasilatı 10,3% azalıb.
BP-nin məlumatına görə, şirkət blokun işlənməsi layihəsi üzrə xərcləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,9% - $487 milyona qədər azaldıb. Bunun $115 milyonu əməliyyat xərclərinin, $372 milyonu isə əsaslı xərclərin payına düşüb.
I rübdə blokdan gündə orta hesabla 386 min barel (2022-ci ilin I rübündə 434 min barel), o cümlədən “Çıraq” platformasından 24,1 min barel (25 min barel), “Mərkəzi Azəri” platformasından 100 min barel (106 min barel), “Qərbi Azəri” platformasından 93,3 min barel (112 min barel), “Şərqi Azəri” platformasından 64,2 min barel (70 min barel), “Dərinsulu Günəşli” platformasından 69,4 min barel (79 min barel), “Qərbi Çıraq” platformasından 35 min barel neft (42 min barel) hasil edilib.
2022-ci ildə AÇG blokundan 152 milyon barelə yaxın (20 mlyon ton) neft hasil edilib, azalma 9% təşkil edib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi haqqında 2050-ci ilədək olan dövrü əhatə edən yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
Yeni saziş çərçivəsində 2017-2049-cu illərdə sərmayə qoyuluşu $43 milyard məbləğində qiymətləndirilir və 500 milyon tondan çox neft hasil olunacağı nəzərdə tutulur.
“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci il fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb.*
N.Abbasova