Mayın 4-də Zəngilan rayonunun Cahangirbəyli kəndinin təməlqoyma mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Dövlət başçısının saytında verilən məlumata görə, perspektivdə 2520 nəfər əhalinin (573 ailə) yaşaması üçün planlaşdırılan kəndin layihələndirilən ərazisi 179,5 hektardır.
Cahangirbəyli kəndində birinci mərhələdə iki, üç, dörd və beş otaqlı olmaqla ümumilikdə 242 fərdi evin tikintisi nəzərdə tutulur. Birinci mərhələdə burada 1200 nəfərin məskunlaşdırılması planlaşdırılır. Cahangirbəylidə fərdi evlərlə bərabər, bloklaşdırılmış üçmərtəbəli binaların inşası da nəzərdə tutulur.
Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi və qonaq evi, çoxfunksiyalı bina, bazar kompleksi, idman sağlamlıq mərkəzi, sənətkarlıq emalatxanası, tibb məntəqəsi, mərasim zalı, iaşə obyektləri və digər müəssisələr olacaq.*
X.Nəsirzadə