Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Cəbrayıl rayonunun Horovlu və Şükürbəyli kəndlərinin təməlqoyma mərasimlərində iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Horovlu kəndinin layihələndirilən ümumi ərazisi 248,1 hektardır. Perspektivdə bu kənddə 3470 nəfərin (867 ailə) yaşaması nəzərdə tutulub.
Birinci mərhələdə Horovluya 1395 nəfərin köçürülməsi üçün 334 fərdi ev tikiləcək. İnşa ediləcək evlər iki, üç, dörd və beş otaqlı olacaq.
Baş plana əsasən, köhnə Horovlunun ərazisini əhatə edən bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Çapand, Safarşa, Fuğanlı və Həsənqaydı kəndləri ilə birlikdə layihələndirilib.
Kəndin dayanıqlı su təchizatını təmin etmək məqsədilə burada əvvəllər mövcud olmuş kəhrizlərin bərpası üçün layihə də həyata keçirilir.
Şükürbəyli kəndində 1042 ailənin məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 298 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 184 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə kənddə 635 fərdi evin tikilməsi nəzərdə tutulur.
Baş plana əsasən, bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Dəjəl, Şıxəliağalı kəndləri vә Mahmudlu qəsəbəsi ilə birlikdə layihələndirilib.
Hər iki kənddə məktəb binaları, uşaq bağçaları, inzibati binalar, klub icma mərkəzləri, idman mərkəzləri və tibb məntəqələrinin inşası planlaşdırılıb.*
X.Nəsirzadə