1-4 may tarixlərində ABŞ-da Azərbaycan və Ermənistanın sülh müqaviləsi ilə bağlı danışıqlar zamanı tərəflər cüzi irəliləyiş əldə ediblər. Bu barədə ABŞ-ın özəl kəşfiyyat-analitik şirkəti “Stratfor” yazır.
Tərəflər “hətta birgə kommyunike hazırlamayıblar”, deyə “Stratfor” bununla da danışıqlar zamanı əhəmiyyətli irəliləyişin olmadığını qeyd edir.
Şirkət əlavə edib ki, görüşlərin yükunlarına dair ABŞ Dövlət katibi Antoni Blinken bəyan edib ki, Ermənistan və Azərbaycan sülh danışıqlarında «nəzərəçarpacaq irəliləyiş» əldə edib, lakin heç bir misal çəkməyib və ya hər hansı bir təfərrüat qeyd etməyib
Xəbər verildiyi kimi, 1-4 may tarixlərində ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb. Görüşlərin yekunlarına dair XİN-in məlumatında deyilir ki, "aparılan danışıqlar nəticəsində “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında” ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edilib, bəzi əsas məsələlər üzrə mövqelər isə fərqli olaraq qalır”.
Bakı və İrəvan müzakirələri davam etdirmək barədə razılığa gəliblər.
“Stratfor” - ABŞ-ın özəl kəşfiyyat-analitik şirkətidir, bəzən “Mərkəzi Kəfiyyat İdarəsinin kölgəsi” adlandırılır. Şirkət dünyada baş verən hadisələr haqqında məlumat toplayır və təhlil edir.**
R.Kərimov