Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu (COVİD-19) dünya səhiyyəsi üçün artıq xüsusi təhlükə hesab etmir. Bu barədə cümə günü təşkilatın baş direktoru Tedros Adhan Qebreyesus bəyan edib.
«Elan edirəm ki, biz artıq COVID-19-u səhiyyə sahəsində qlobal təhlükə hesab etmirik», - Qebreyesus brifinqdə bildirib.
Qebreyesusun sözlərinə görə, ÜST-nin Fövqəladə Vəziyyət Komitəsi COVID-19 xəstəliyi ilə bağlı məlumatları təhlil edərək dünən baş direktora fövqəladə vəziyyətin ləğv olunduğunu elan etməyi tövsiyə edib.
Eryni zamanda, o dəqiqləşdirib ki, bu koronavirusun yayılma təhlükəsinin tamamilə keçdiyi demək deyil.
«Ötən həftə COVID-19 hər üç dəqiqədə bir həyatı aparırdı və bunlar yalnız bizə məlum olan ölüm hallarıdır», - Qebreyesus bəyan edib.
O əlavə edib ki, pandemiya davam etdiyi 3 il ərzində ekspertlər tərəfindən koronavirusa yoluxma nəticəsində təxminən 7 milyon ölüm halı qeydə alınıb.
“Lakin bizə məlumdur ki, əslində ölüm hallarının sayı bir neçə dəfə yüksəkdir - ən azı 20 milyon”, - ÜST-nin baş direktoru vurğulayıb. **