Cümə günü Azərbaycan prezidenti İlham Əliyev Belqradda atışma nəticəsində ən azı 8 nəfərin ölümü ilə əlaqədar Serbiya prezidenti Aleksandar Vuçiçə başsağlığı məktubu ünvanlayıb.
“Belqrad şəhərində yerləşən məktəbdə baş vermiş dəhşətli faciə barədə xəbəri dərin sarsıntı və kədər hissi ilə qarşıladıq. Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Serbiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”, - məktubda qeyd olunur.
BBC xəbər verir ki, mayın 3-də Belqraddakı məktəblərdən birində yeddinci sinif şagirdi atışma törədib, nəticədə səkkiz nəfər ölüb, altı uşaq və müəllim yaralanaraq təcili yardım mərkəzinə yerləşdirilib.
Məlumata görə, ölənlər arasında məktəbin mühafizəçisi, müəllim və uşaqlar da var.
Atışma çərşənbə axşamı səhər tezdən baş verib. Yerli vaxtla saat 8:40-da 7-ci sinif şagirdi məktəbə gələrək tapançadan atəş açıb. Polis şübhəli şəxsi saxlayıb – bu, həmin məktəbin 13 yaşlı şagirdi olub.
Həmçinin, polis uşağın atasını saxlayıb: daxili işlər naziri Bratislav Qaşiç məlumat verib ki, oğlanın üzərində iki tapança olub və söz verib ki, onun atasına qarşı hüquqi xarakterli tədbirlər görüləcək. **
X.Nəsirzadə