Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Meksika Birləşmiş Ştatlarına səfər edib. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Meksika Xarici Əlaqələr Nazirliyi arasında siyasi məsləhətləşmələrin üçüncü raundu keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Meksika tərəfindən isə xarici əlaqələr nazirinin siyasi məsələlər üzrə müavini xanım Karmen Moreno Toskano rəhbərlik edib.
Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti, habelə iqtisadi, turizm, energetika, mədəniyyət və təhsil sahələrində qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Məmmədov qarşı tərəfə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, həmçinin işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa və quruculuq işləri barədə geniş məlumat verib. Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyi çərçivəsində fəaliyyəti, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb. **
V.Əliyev