Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Avropa və xarici işlər naziri Katrin Kalonanın “France Inter” ictimai radio kanalına verdiyi müsahibə zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirlərə cavab verib. Bu barədə Azərbaycan XİN-dən məlumat verilir.
“Fransanın Avropa və xarici işlər naziri Katrin Kalonanın Azərbaycanın Qarabağ bölgəsini yanlış olaraq “Dağlıq Qarabağ” şəklində Azərbaycanın daxilində “anklav” adlandırması Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, eləcə də bu bölgədən kütləvi etnik təmizlənməyə məruz qalmış azərbaycanlıların hüquqlarına hörmətsizlikdir”, - Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib.
O, fransalı nazirə bir daha xatırladıb ki, Qarabağ bölgəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisi və tərkib hissəsidir.
Hacızadənin sözlərinə görə, Azərbaycanın öz suveren ərazisində yaratdığı və erməni sakinlərin artıq şəffaf şəkildə hər iki istiqamətdə keçməyə başladığı “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsinin guya yolu blokadada saxladığı barədə Fransa tərəfinin iddiasının heç bir əsası yoxdur. “Azərbaycan öz sərhədlərinin mühafizəsini və bu sərhədlərdən keçidi ölkə qanunvericiliyinə və beynəlxalq səviyyədə qəbul edilmiş qaydalara uyğun olaraq həyata keçirir”.
Hacızadə Fransa tərəfini sülhə və sabitliyə xidmət etməyən bu kimi təhrikçi və təxribatçı fikirlərə son qoymağa çağırıb. **
V.Əliyev