Azərbaycan Xarici İşlər Nazirliyi və Avstriya Federal Avropa və Beynəlxalq məsələlər üzrə Nazirliyi arasında növbəti siyasi məsləhətləşmələrin keçirilməsi məqsədilə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Avstriyada işgüzar səfərdə olub. Bu barədə Azərbaycan XİN-dən məlumat verilir.
Siyasi məsləhətləşmələrdə Avstriya nümayəndə heyətinə bu ölkənin Federal Avropa və Beynəlxalq İşlər Nazirliyinin İkitərəfli məsələlər və Avropa İttifaqının ümumi xarici siyasəti üzrə baş direktoru, siyasi direktor Greqor Kössler rəhbərlik edib.
Məlumatda qeyd olunur ki, məsləhətləşmələr zamanı Azərbaycan-Avstriya münasibətlərinin hazırkı vəziyyəti təhlil olunub və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. “İki ölkə arasında ticarət və iqtisadi əlaqələr üçün geniş potensial imkanları vurğulanaraq, yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili, enerji və investisiya sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub”.
Müzakirələr zamanı tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanlarına toxunulub.
Bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində ölkəmizin səyləri, Ermənistanın qeyri-konstruktiv mövqeyi və davamlı təxribatları, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, əhalinin öz yurdlarına qayıtması istiqamətində icra olunan layihələr, Qarabağın erməni əsilli sakinlərinin Azərbaycanın hüquqi, iqtisadi və sosial mühitinə reinteqrasiyası ilə bağlı atılan addımlar qarşı tərəfin diqqətinə çatdırılıb.
Səfər çərçivəsində, habelə Avstriyanım bir neçə rəsmiləri ilə görüşlər keçirilib. **
V.Əliyev