Prezident İlham Əliyev mayın 8-də “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” sərəncam imzalayıb.
Dövlət başçısının saytında dərc olunmuş sərəncam 801 nəfəri əhatə edir, o cümlədən 463 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilir.
Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 220 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılır.
Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 3 nəfər, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 18 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilir. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 5 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azadılır, islah işləri cəzasına məhkum edilmiş 2 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilir.
Cərimə cəzasına məhkum edilmiş 88 nəfər cəzadan azad edilir.
Sərəncam 14 xarici vətəndaşa da şamil olunub. Onlardan 3 nəfəri Rusiya Federasiyası, 7 nəfəri Gürcüstan, 2 nəfəri Türkiyə, 2 nəfəri isə Çin vətəndaşıdır.*
X.Nəsirzadə