Türkiyə Ermənistandan 1920-ci illərin əvvəllərində Osmanlı imperiyasının siyasi və hərbi liderlərinin, eləcə də o dövrün azərbaycanlı məmurlarının və Osmanlı imperiyasının bəzi erməni əsilli vətəndaşlarının qətlini törədənlərə İrəvanın mərkəzində ucaldılmış “Nemezis” abidəsinin sökülməsini tələb edir.
“Biz onlara (Ermənistan tərəfinə - İF) bildirdik ki, əgər abidə sökülməsə, münasibətləri normallaşdırmaq əvəzinə əks addımlar atacağıq. Biz öz tələblərimizi xüsusi nümayəndəmiz (Ermənistanla münasibətlərin normallaşdırılması üzrə - İF) və digər kanallar vasitəsilə onlara göndərmişik”, - deyə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin “Lider TV” kanalının canlı efirində bildirib.
O qeyd edib ki, Ankara Ermənistanla münasibətlərin normallaşması istiqamətində bir çox jestlər (Ermənistan təyyarələrinin Türkiyənin hava məkanı ilə uçması, Ermənistan vətəndaşları – diplomatik pasport sahibləri və üçüncü ölkələrin vətəndaşları üçün quru sərhədlərin açılması) edib.
“Bundan başqa, atdığımız bu addımlar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə töhfə verib. (…) Amma onlar (Emənistan – İF) səmimi olmadıqlarını bir daha göstərdilər. Bizim Osmanlı paşalarımızı və azərbaycanlı qardaşlarımızı öldürən şəxslərə heykəlin ucaldılmasını qəbul edə bilmərik”, - deyə türkiyəli nazir qeyd edib.
Çavuşoğlu vurğulayıb ki, İrəvanın mərkəzində “Nemezis” abidəsinin qoyulmasına cavab olaraq Ermənistan təyyarələrinin üçüncü ölkələrə uçması üçün hava məkanının bağlanması ilə bağlı qərara yenidən baxılması hazırda gündəmdə deyil.
“Biz əlavə addımları (abidənin qoyulmasına cavab olaraq – İF) nəzərdən keçiririk və bunun üzərində işləyirik”, - deyə o əlavə edib.*
N.Abbasova