Bakı və İrəvan keçən həftə ABŞ-da aparılan danışıqlarda bir addım irəli getdi, lakin danışıqlar prosesinə realist yanaşmaq lazımdır. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Bizim sülh müqaviləsi ətrafında kifayət qədər intensiv müzakirələrimiz (1-4 may tarixlərində - İF) oldu. Müzakirələr bir sıra maddələri, vacib məsələləri özündə ehtiva edib. Biz tam razılaşma barədə deyə bilmərik, tərəflərin mövqeləri arasında kifayət qədər fərqlər var, ancaq bu danışıqlarda sülh müqaviləsi üzrə bəlli maddələrdə razılaşmalar əldə edildi. Biz bir addım da irəli getdik”, - deyə nazir bu gün jurnalistlərə bildirib.
O qeyd edib ki, “biz bu prosesə realist yanaşmalıyıq”, Bakı sülh prosesinə sadiqdir.
Bayramov bildirib ki, Bakı Azərbaycan və Ermənistan liderlərinin mayın 14-də Brüsseldə keçiriləcək görüşünü müsbət qiymətləndirir. Bu görüş Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması məqsədilə aparılan danışıqların tərkib hissəsi kimi nəzərdən keçirilməlidir.*
R.Kərimov