Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olublar. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Burada 8 binanın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb.
Kompleksin tikintisinin bu ilin sonunda başa çatdırılması planlaşdırılır.
Yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq. Bu kompleksdəki mənzillərin əksəriyyəti keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək. Mənzillərin bir hissəsi isə Şuşada çalışan işçilərin xidməti istifadəsi üçün nəzərdə tutulub.*
B.Rüstəmbəyov