Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin sərhəddə açdığı atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusunun yaralanması barədə məlumat verir.
“Mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb”, - nazirliyin məlumatında deyilir.
Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə çatdırılıb.
“Ermənistan tərəfinə təxribatlarına son qoyulması və qəsdən vəziyyətin gərginləşdirməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq növbəti dəfə atəşkəsi pozub. Təxribat törədilən istiqamətdə Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülüb. Qəsdən törədilən bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, - MN-dən vurğulanır.
Həmçinin, əlavə edilib ki, cümə axşamı səhər saatlarında Ermənistan silahlı qüvvələri sərhəddə Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutmaqda davam edir. “Mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutur. Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür”, - MN-dən dəqiqləşdirilib. **
N.Abbasova, X.Nəsirzadə