Azərbaycan 2023-cü ilin yanvar-aprel aylarında qaz ixracını 10,5% - 8,4 milyard kubmetrə qədər artırıb. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter” hesabında yazıb.
Nazir qeyd edib ki, 2023-cü ilin yanvar-aprel aylarında Avropaya 3,9 milyard kubmetr Azərbaycan qazı ixrac olunub ki, bu da bütün ixracın 46%-ni təşkil edir.
Türkiyəyə 3,4 milyard kubmetr (bütün ixracın 41%-i), Gürcüstana isə 1,1 milyard kubmetr qaz (bütün ixracın 13%-i) ixrac olunub. Hesabat dövründə TANAP Türkiyəni 1,9 milyard kubmetr qazla təchiz edib.
Daha əvvəl Şahbazov bildirmişdi ki, 2023-cü ildə Azərbaycandan qaz ixracı 24,5 milyard kubmetr həcmində nəzərdə tutulub, bunun 12 milyard kubmetrə qədəri Aİ-yə, 10,2 milyard kubmetri isə Türkiyəyə nəql olunacaq.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycan qaz ixracını 18% - 22,3 milyard kubmetrə qədər artırıb, Avropaya 11,4 milyard kubmetr qaz (+39%) ixrac edilib.
Hazırda Avropada Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır.*
A.Əzizov