Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) 2023-2026-cı illər üzrə “Maliyyə bazarlarında kibertəhlükəsizlik Strategiyası”nı təsdiq edib.
“İnterfaks-Azərbaycan” agentliyi AMB-nin məlumatına istinadən xəbər verir ki, Strategiya ölkədə maliyyə sabitliyinin təmin edilməsi, o cümlədən kibertəhdid və risklərə qarşı adekvat nəzarət mexanizmlərinin tətbiqi məqsədilə qəbul edilib.
Bu Strategiyanın vizyonu maliyyə sabitliyinin təmin edilməsi məqsədilə artan kibertəhdidlər fonunda ölkənin maliyyə bazarlarında kiberdayanıqlığın gücləndirilməsidir.
Strategiya özündə beş strateji prioritet üzrə fəaliyyəti əhatə edərək maliyyə bazarlarında dayanıqlı kibertəhlükəsizlik mühitinin formalaşdırılmasını hədəfləyib: Maliyyə bazarlarında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə tənzimləmə və nəzarət çərçivəsinin gücləndirilməsi; Maliyyə bazarlarında kiber risklərin idarə edilməsi mədəniyyətinin gücləndirilməsi; Maliyyə bazarlarında kibertəhlükəsizlik səviyyəsinin gücləndirilməsi məqsədilə informasiya texnologiyalarının idarəetmə çərçivəsinin formalaşdırılması; Maliyyə bazarlarında kiberdayanıqlığın gücləndirilməsi; Maliyyə bazarlarında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması.
AMB qeyd edir ki, Strategiya Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəyi ilə hazırlanıb.*
X.Nəsirzadə