ABŞ Dövlət Departamentinin nümayəndəsi Vedant Patel hesab edir ki, ötən həftə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilmiş danışıqlar səmərəli olub və iki ölkənin liderləri arasında mayın 14-də Brüsseldə aparılacaq dialoqun davamı üçün zəmin yaradıb.
“Hesab edirik ki, bu danışıqlar (1-4 may tarixlərində ABŞ-da Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında – İF) səmərəli olub və Brüsseldə keçiriləcək danışıqların (mayın 14-də Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında – İF) davamı üçün zəmin yaradıb”, - deyə Patel brifinqdə bildirib.
O əlavə edib ki, Vaşinqton iki ölkə arasında danışıqlara dəstək verəcək və Bakı ilə İrəvan arasında fikir ayrılıqlarının sülh yolu ilə həll olunacağına inanır.
Patel qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədində toqquşmalar tərəflər arasında davamlı və ləyaqətli sülhə doğru əldə edilən tərəqqiyə xələl gətirir.*
R.Kərimov