2023-cü ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 16 milyard 407,9 milyon manatlıq istehlak malları satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə istehlakçılara 9 milyard 458,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları (2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə artım 2,1%), 6 milyard 949,2 milyon manatlıq qeyri-ərzaq malları (artım 4%) satılıb.
2023-cü ilin yanvar-aprel aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 52,7%-i ərzaq məhsullarının, 4,9%-i içkilər və tütün məmulatlarının, 13%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7%-i avtomobil benzini və dizel yanacağının, 4,4%-i elektrik malları və mebellərin, 2,4%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,8%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 2023-cü ilin yanvar-aprel aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 1%, fərdi sahibkarlar üzrə 3,7%, bazar və yarmarkalarda 3,6% artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 404,7 manatlıq, o cümlədən 233,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 171,4 manatlıq qeyri-ərzaq malları alıb.
2022-ci ilin yekunları üzrə əhali istehlak mallarının alınması xərclərini 3,1% artırıb.*
B.Rüstəmbəyov