SOCAR Türkiyədə “Merkuri” neft-kimya kompleksinin tikintisi layihəsi üzrə işləri dayandırıb. Bu barədə “SOCAR Turkey Refining and Petrochemical Business Unit”in (“SOCAR Turkiye Enerji” şirkətinin bölməsi) prezidenti və “Petkim”in baş direktoru Anar Məmmədov bu gün İzmirdə azərbaycanlı jurnalistlər üçün keçirilən mətbuat konfransında deyib.
“Layihənin məqsədi “STAR” NEZ-də əldə olunan 1 milyon ton reformatın Türkiyənin daxili bazarında satışını həyata keçirmək idi. Lakin Türkiyədə bu məhsulun alıcıları olmadığı üçün biz onu ixrac etməyə məcbur idik. Bununla əlaqədar biz “Merkuri” neft-kimya kompleksinin tikintisi layihəsini həyata keçirməyi təklif etmişdik, ancaq hazırda bu istiqamətdə işlər dayandırılıb”, - deyə o bildirib.
A.Məmmədov xatırladıb ki, layihənin Britaniyanın BP şirkəti ilə həyata keçirilməsi planlaşdırılırdı, lakin “şirkətin qlobal neft-kimya biznesini tamamilə tərk etməsi bu layihə üzərində işləri dayandırmağımızın səbəblərindən biri oldu”.
“İkinci səbəb 5 il ərzində bazar şərtlərinin dəyişməsidir və müvafiq olaraq layihə üzrə ilkin qiymətləndirmələr də dəyişib. Amma “Merkuri” layihəsi gündəmdədir və uyğun bazar şərtləri yarandıqda, layihə üzrə işlər bərpa olunacaq”, - deyə baş direktor qeyd edib.
SOCAR 2022-ci ildə layihə üzrə yekun investisiya qərarı qəbul etməyi planlaşdırırdı.
Şirkət sözügedən layihənin həyata keçirilməsi üçün iki variantı nəzərdən keçirirdi: neft-kimya sahəsndə fəaliyyət təcrübəsinə malik tərəfdaşın cəlb edilməsi və ya layihənin maliyyə tərəfdaşı ilə birgə (50/50) həyata keçirilməsi.
BP-dən sonra onun neft-kimya aktivlərini almış INEOS şirkəti və digər investorlarla danışıqlar aparılıb.
Layihə Əliağa bölgəsində ildə 1,25 milyon ton təmizlənmiş tereftal turşusu (PTA), 840 min ton paraksilol (PX) və 340 min ton benzol istehsalı üzrə neft-kimya kompleksinin tikintisini nəzərdə tuturdu.
“Merkuri” kompleksinin “Petkim” neft-kimya kompleksi və “STAR” neft emalı zavodunun yaxınlığında inşa edilməsi planlaşdırılırdı. Layihənin dəyəri $1,8 milyard idi.
Yeni neft-kimya kompleksinin tikintisinin Türkiyəyə hər il $6 milyardlıq cari hesab kəsirini doldurmağa imkan verəcəyi ehtimal olunurdu.
PTA poliester istehsalında əsas xammaldır. Poliesterlərdən ərzaq və içki konteynerlərinin, qablaşdırma materiallarının, materiyaların, foto- və kinoplyonkaların, digər istehlak və sənaye əhəmiyyətli məhsulların istehsalında istifadə olunur.*
N.Abbasova