“SOCAR Turkiye Enerji” şirkəti (SOCAR-ın Türkiyədəki törəmə şirkəti) 2024-cü ildə STAR neft emalı zavodunun 45-60 günlük planlaşdırılmış dayandırılmasını həyata keçirməyi planlaşdırır. Bu barədə “SOCAR Turkey Refining and Petrochemical Business Unit”in (“SOCAR Turkiye Enerji” şirkətinin bölməsi) prezidenti və “Petkim” şirkətinin baş direktoru Anar Məmmədov bu gün İzmirdə azərbaycanlı jurnalistlər üçün keçirilən mətbuat konfransında deyib.
“Bu, hər bir belə müəssisədə 4 ildən bir həyata keçirilən, STAR NEZ üçün isə ilk planlı dayandırılma olacaq. Zavodun 2024-cü ildə nə vaxt və hansı müddətə dayandırılacağı hələ müəyyən edilməyib, lakin bu, 45-60 günlük ola bilər”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavab verərkən bildirib.
A.Məmmədovun sözlərinə görə, zavodun dayandırılması bir neçə məqsəd daşıyır.
“İlk növbədə, avadanlıqların yoxlanılması və profilaktikası, müəyyən qurğuların təmizlənməsi həyata keçiriləcək. İkinci məqsəd STAR NEZ-in planlı dayandırılma tezliyinin 4 ildən 5 ilədək uzadılmasıdır. Bu, bizə ildə $40 milyon qənaət etməyə imkan verəcək”, - deyə baş direktor qeyd edib.
Onun sözlərinə görə, planlı dayandırılma nəticəsində zavodun gücü daha 3% artacaq.
“Hazırda zavodun istehsal həcmləri 118,5% təşkil edir. Biz bu göstəricini daha 3% artırmağı hədəfləmişik”, - deyə A.Məmmədov əlavə edib.
STAR NEZ 2018-ci il oktyabr ayının 19-da istismara verilib. Zavodda “Azeri Light”, “Kərkük” və “Urals” neft növlərinin emalı nəzərdə tutulub.
Hazırda zavodda 20-dən çox neft növü emal edilir. Zavodun dizaynına görə emal üçün ən uyğunu ağır neft növləridir.
STAR neft emalı zavodu Türkiyənin əsas neft məhsullarına olan tələbatının 20-25%-ni təmin edir.
SOCAR STAR NEZ-in tikintisi layihəsinə $7 milyarda yaxın sərmayə qoyub.*
N.Abbasova