Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan mayın 14-də Brüsseldə keçiriləcək görüşdə sülh müqaviləsi layihəsini müzakirə edəcəklər. Bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.
“Söhbət sülhün bərqərar olması, eləcə də digər məsələlər, xüsusilə delimitasiya, nəqliyyat kommunikasiyalarının açılması məsələləri ilə bağlı əsas sənəddən gedir”, - deyə o, bu gün jurnalistlərə bildirib.
Ovannisyanın sözlərinə görə, mayın 1-4-də Vaşinqtonda Ermənistan və Azərbaycan XİN başçılarının görüşündə müəyyən irəliləyiş əldə olunub.
“Amerika tərəfi müsbət atmosfer yaratmaq üçün maksimum səy göstərdi. Bu, mümkün saziş layihəsi üzrə mövqelərin yaxınlaşması üçün effektiv mərhələ idi. Əlbəttə, müzakirə edilməli olan bir sıra vacib məsələlər var. Məhz buna görə Brüsseldə yüksək səviyyədə görüş təşkil olunur, mayın 19-da isə Moskvada Ermənistan və Azərbaycan XİN rəhbərləri səviyyəsində görüş keçiriləcək. Başqa görüşlər də olacaq”, - deyə nazir müavini qeyd edib.
O bildirib ki, Moskva görüşü “müəyyən dərəcədə Brüssel görüşünün məntiqi davamı olacaq, lakin hər formatın öz xüsusiyyətləri var”.
Ovannisyan, həmçinin qeyd edib ki, İrəvan iyunun 1-də Kişineuda keçiriləcək görüşdə iştirakını təsdiqləyib.*