2023-cü ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,4% artaraq 901,3 manat olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
1 yanvar 2023-cü il tarixinə ölkədə orta aylıq nominal əməkhaqqı 839,4 manat ($493,8), fevralın 1-nə 856,2 manat, martın 1-nə 854,5 manat təşkil edib.
2023-cü il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 33,5 min nəfər və ya 2% artaraq 1 milyon 736,3 min nəfər (2023-cü il martın 1-nə 1 milyon 715,8 min nəfər) olub, onlardan 904,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 832,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,3%-i təhsil, 18,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9%-i sənaye, 8,3%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8%-i tikinti, 6,4%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2%-i nəqliyyat və anbar təsərrüfatı, 3,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,6%-i peşə, elmi və texniki fəaliyyət, 2,1%-i maliyyə və sığorta fəaliyyəti, 14,1%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.*
X.Nəsirzadə