“SOCAR Turkiye Enerji” şirkəti (SOCAR-ın Türkiyədəki törəmə şirkəti) fəaliyyətin rəqəmsallaşdırılmasına $70 milyon sərmayə yatırıb. Bu sözləri şirkətin baş direktorunun vəzifəsini icra edən Elçin İbadov deyib.
Onun sözlərinə görə, SOCAR Türkiyə iqtisadiyyatına ümumilikdə $18 milyard sərmayə yatırıb.
“İnkişaf etdirmək niyyətində olduğumuz bir neçə perspektivli istiqamət var. Bu, ilk növbədə, fəaliyyətin rəqəmsallaşdırılması, yəni müxtəlif digital-alətlərdən, robot texnikasından istifadə olunmaqla və hətta dronların tətbiqi ilə biznesin aparılmasıdır. Biz indiyədək “SOCAR Turkiye” şirkətinin fəaliyyətinin rəqəmsallaşdırılmasına $70 milyon yönəltmişik”, - deyə E.İbadov bu gün İzmirdə azərbaycanlı jurnalistlər üçün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ikinci istiqamət dayanıqlılıqdır. “Söhbət insan resurslarının dayanıqlı inkişafı, ətraf mühitin mühafizəsi üçün atacağımız addımlardan gedir. İlk növbədə, istehsalın dekarbonizasiyası və yaşıl iqtisadiyyata keçid üzrə tədbirlər nəzərdə tutulur. Yaşıl investisiyalar çərçivəsində 3 əsas prioritetimiz var – karbon emissiyalarının azaldılması, tullantıların təkrar emalı və onlardan yeni məhsul istehsalı və “yaşıl fondlar”dan maliyyələşmənin təmin edilməsi”, - deyə baş direktor qeyd edib.
O əlavə edib ki, şirkət 2035-ci ilədək karbon emissiyasını 40%-dək azaltmağı, 2050-ci ilədək isə sıfıra endirməyi hədəfləyib.*
N.Abbasova