Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla üçtərəfli görüşün yekunlarını şərh edərək bildirib ki, iki ölkə arasında münasibətlərin normallaşması məsələsi danışıqların əsas mövzusu olub.
“Üçtərəfli görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması əsas müzakirə mövzusu olub. İki ölkə liderləri regionda vəziyyəti normallaşdırmaq istəklərini bildiriblər. Biz Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası məsələlərini də müzakirə etdik”, - deyə Ş.Mişel brifinqdə bildirib.
Onun sözlərinə görə, Aİ-nin danışıqların təşkilində əsas məqsədi Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə nail olmaqdır. “Biz nə qədər lazımdırsa, o qədər də Brüssel formatında görüşlər təşkil etməyə hazırıq”, - deyə o qeyd edib.*
V.Əliyev