Bazar ertəsi Bakıda iqtisadi-ticarət sahəsi üzrə Azərbaycan - Belarus Hökumətlərarası Komissiyasının 13-cü iclası keçirilib.
“İnterfaks-Azərbaycan”a Nazirlər Kabinetindən məlumat verilib ki, Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan baş nazirinin müavini Əli Əhmədov və Belarus baş nazirinin müavini İqor Petrişenkodur.
İclasda iki ölkə arasında mövcud ticarət dövriyyəsinin ölkələrimizin iqtisadi potensialını tam əks etdirmədiyi və effektiv yolların tapılması ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilə biləcəyinə inam ifadə olundu.
Azərbaycanda hazırda Belarus kapitalı ilə 80 şirkət fəaliyyət göstərir.
İclas zamanı Əhmədov Belarus investorlarını Ələt azad iqtisadi zonasına dəvət edib, Azərbaycanın Belarusla aqrar-sənaye sektorunda əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğu diqqətə çatdırıb.
Bundan başqa, Əhmədov Azərbaycanın Belarus istehsalı məhsulların Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu vasitəsi ilə Türkiyəyə daşınması imkanlarını nəzərdə keçirməyə hazır olduğunu dedi.
“O cümlədən, kimya sənayesi, bərpa edilən enerji, nəqliyyat-logistika, mədəni-humanitar, elm-təhsil, səhiyyə, əcsaçılıq sahəsində əməkdaşlığın dərinləşdirilməsinin prespektivləri müzakirə olundu. Hökumətlərarası Komissiyasının növbəti iclasının Belarusda keçirilməsi haqda qərar qəbul olundu”, - Nazirlər Kabinetindən vurğulanıb.
İclasın sonunda Belarus İdman və Turizm Nazirliyi ilə Azərbaycan Gənclər və İdman nazirliyi arasında 2023-2025-ci illərdə bədən tərbiyyəsi və idman sahəsində əməkdaşlığa dair proqram imzalandı. **
X.Nəsirzadə