Belarus baş nazirinin müavini İqor Petrişenko Bakıda keçirilən iqtisadi-ticarət sahəsi üzrə Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının iclası zamanı ikitərəfli qarşlıqlı əlaqələrin perspektivlərini qeyd edib.
“Ölkələrimizin liderləri ilə iki qardaş xalq arasında möhkəm dostluğa əsaslanan Belarus və Azərbaycan arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Təbii haldır ki, mürəkkəb dünya siyasi konyunkturası münasibətlərimizə heç bir mənfi təsir göstərməyib. Əksinə, biz mürəkkəb dövrlərdə hər zaman bir-birimizi dəstəklədik və bu ənənə qorunub saxlanılır. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq Belarus ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsinin flaqmanıdır”, - Petrişenko Bakıda deyib. Bu barədə “İnterfaks-Azərbaycan” BELTA agentliyinə istinadən məlumat verir.
Onun sözlərinə görə, Belarus Azərbaycana transformator, kabel və digər elektik texniki məhsulların, ağac emalı məhsullarının, habelə ərzaq ixracını mühüm dərəcədə artırıb. Öz növbəsində, Azərbaycan Belarusa dost olmayan ölkələrdən idxalı əvəz edən tərəvəz və meyvə tədarükü üzrə etibarlı kanal təşkil edib.
Malların birbaşa ticarəti ilə yanaşı, iqtisadi sahədə əlaqələrin genişləndirilməsində qarşılıqlı faydalı birgə kooperasiya layihələrinin həyata keçirilməsi getdikcə daha çox yer tutur. "Belarus maşınqayırmanın Gəncə Avtomobil Zavodu ilə əməkdaşlığı ölkələrimiz üçün əlamətdar layihə olub, istehsal kooperasiyası sahəsində səmərəli əməkdaşlığın gözəl nümunəsini nümayiş etdirib. Zavodun bazasında 17 il birgə fəaliyyət ərzində 12 mindən çox Belarus traktoru, həmçinin 4 minə yaxın digər texnika (MAZ, «AMKODOR») yığılıb. Belarus tərəfi birgə istehsal olunan texnikanın, o cümlədən taxıl yığma kombaynlarının və yüksək ekoloji standartlara cavab verən müasir sərnişin texnikasının (elektrik avtobusları) spektrinin genişləndirilməsi istiqamətində birgə işlərin davam etdirilməsinə yönəlib", - Petrişenko vurğulayıb.
Baş nazirin müavini Azərbaycana digər Belarus texnikasının tədarükünün təşkilində perspektivlər görür: tikinti, kommunal, dəmiryol, qəza-xilasetmə və müxtəlif növ xüsusi texnikanın. Belarus tərəfi Azərbaycana lift tədarükünün artırılmasında, habelə onların müvafiq istehlak həcminə malik yığma istehsalının yaradılmasında maraqlıdır.
"Bundan əlavə, Azərbaycanın kənd təsərrüfatı sahəsinin, o cümlədən heyvandarlığın inkişafı proqramlarının birgə həyata keçirilməsində əhəmiyyətli potensial görürük. Heyvandarlıq komplekslərinin yaradılması təcrübəmizi tətbiq etməyə, habelə cins mal-qaraya, zəruri texnologiya və avadanlıqlara, yüksək məhsuldar, balanslaşdırılmış heyvan yemi və premikslərə ehtiyacı təmin etməyə hazırıq. Azərbaycan ərazisində baytarlıq preparatlarının birgə istehsalının yaradılması layihəsi yüksək aktuallığa malikdir", - o vurğulayıb. **
R.Əhmədov