Bazar ertəsi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrel ilə görüşüb.
“Tərəflər Azərbaycan ilə Aİ arasında əməkdaşlıq əlaqələrinin cari vəziyyətini və perspektivlərini, o cümlədən energetika və nəqliyyat dəhlizləri sahəsində əməkdaşlığı, Azərbaycanla Ermənistan arasında normallaşma prosesini və bölgədə cari vəziyyəti müzakirə ediblər”, - Azərbaycan XİN-in məlumatında deyilir.
Nazirliyin məlumatına əsasən, görüş zamanı Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin 9 aya yaxın fasilədən sonra baş tutmuş son görüşünün sülh gündəliyinin irəlilədilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
“Bayramov iki ölkə arasında münasibətlərin ərazi bütövlüyü və suvürenlik prinsipləri əsasında normallaşmasına ölkəmizin sadiqliyini vurğulayıb. Ermənistanın son təxribatları daxil, prosesə maneçilik cəhdlərinin qarşısının alınmasının əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. Bununla yanaşı, Ermənistanın mina təhdidlərinin aradan qaldırılmasının vacib olduğu bildirilib”, - məlumatda deyilir.
Bayramov və Borrel həmçinin Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların tezliklə yekunlaşdırılmasının əhəmiyyətini qeyd ediblər.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. **
N.Abbasova