Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2023-cü ildə Azərbaycanda ÜDM-in artımını 2,5% səviyyəsində proqnozlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyi bu gün bankın saytında dərc olunmuş “Regional Economic Prospects” hesabatının may buraxılışına istinadən xəbər verir ki, AYİB 2024-cü ildə ÜDM-in artımını 2,7% səviyyəsində proqnozlaşdırır.
Beləliklə, 2023-2024-cü illərdə Azərbaycanda ÜDM-in orta illik artım tempi ildə 2,6% səviyyəsində proqnozlaşdırılır.
AYİB-in 2023-2024-cü illərdə ÜDM artımı ilə bağlı analoji proqnozları fevral icmalında da öz əksini tapmışdı.
Bankın qiymətləndirmələrinə görə, 2021-2022-ci illərdə ÜDM-in yüksək artım templəri (5,6% və 4,6% - İF) COVID-19 pandemiyasından sonra iqtisadiyyatın bərpası və karbohidrogenlərin yüksək qiyməti ilə əlaqədar olub. 2023-cü ilin I rübündə iqtisadi artım 0,4%-dək azalıb, o cümlədən neft-qaz sektorunda azalma 4% təşkil edib.
Bank vurğulayır ki, Azərbaycanda inflyasiya azalır, bununla belə, I rübün yekunları üzrə yüksək olaraq (13,8%) qalır.
AYİB-in proqnozlarına görə, 2023-2024-cü illərdə Gürcüstanda ÜDM müvafiq olaraq 5% və 5,3%, Ermənistanda isə 5% və 5% artacaq.
Azərbaycan İqtisadiyyat Nazirliyi 2023-cü ildə ÜDM-in 2,7%, 2024-cü ildə 4,2% artacağını proqnozlaşdırır.*
A.Əzizov