Azərbaycanda vəzifəli şəxslərin və ictimai xadimlərin həyatına sui-qəsd təşkil etməyi və “Kərimə” dövləti qurmağı planlaşdıran bir qrup şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun yaydığı birgə məlumatda deyilir.
Məlumata görə, müəyyən edilib ki, İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və oğlu Əlmürsəl Axundzadə ölkə ərazisində silahlı iğtişaşlar törətməklə Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması, ictimaiyyət arasında tanınan və vəzifəli şəxslərin həyatına sui-qəsdlərin təşkil edilməsi məqsədilə müqavimətçi dəstələr təşkil etmək barədə xüsusi fəaliyyət planı hazırlayıblar.
Həmin planın bir hissəsi kimi Rufulla Axundzadə “whatsapp”, “telegram” və digər ani mesajlaşma sistemlərində məxfi qruplar yaradıb. Bundan başqa, R.Axundzadə və oğlu Ə.Axundzadə həyatlarına sui-qəsdlərin təşkil edilməsi üçün vəzifəli şəxslərin və ictimai xadimlərin siyahısını, onların anket məlumatları, yaşayış və iş yerlərinin ünvanlarını qrup üzvlərinə təqdim ediblər. Bu məqsədlə odlu silah əldə etmək və “molotov kokteyli” hazırlamaqla bağlı qrup üzvlərinə tapşırıqlar verilib.
“Əməliyyat zamanı “Qısas 313” adlı qrupun 7 nəfər üzvü - Elgün Ağayev, Ruslan Əliyev, Yusif Mirzəyev, Elvin Cəfərov, Savalan Hüseynli, Bilal Sücəddinli, Məhərrəməli Musayev, eləcə də qrupun digər üzvləri saxlanılaraq istintaqa təqdim ediliblər”, - deyə məlumatda bildirilir.*
R.Kərimov