İslam ölkələrinin Antiterror Hərbi Koalisiyasında Azərbaycanın alyansa qoşulmasını gözləyirlər. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bunu blokun baş katibi general-mayor Məhəmməd bin Səid əl-Mogedi mayın 15-də Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevlə görüşdə deyib.
“General-mayor Azərbaycanın beynəlxalq aləmdə strateji əhəmiyyətini və terrorla mübarizədə fəal rolunu vurğulayıb, İslam Antiterror Hərbi Koalisiyasının Azərbaycanın bu alyansa qoşulacağını, terrorizm və ekstremizmə qarşı mübarizədə üzv ölkələrlə birlikdə çalışacağını gözlədiyini diqqətə çatdırıb”, - deyə alyansın məlumatında bildirilir.
Görüşdə tərəflər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Azərbaycan səfiri və nümayəndə heyətinin üzvlərinə koalisiyanın terrorla intellektual, media və hərbi səviyyədə mübarizə səyləri, habelə terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması istiqamətində görülən işlər barədə məlumat verilib.
Abdullayev blokun beynəlxalq təşkilatlar və koalisiyalarla tərəfdaşlıqda terrorla mübarizə səylərini yüksək qiymətləndirib, bu məsələdə Səudiyyə Ərəbistanının aparıcı rolunu qeyd edib.
Koalisiya 2015-ci ilin dekabr ayında terrorizmlə mübarizədə müsəlman ölkələrinin səylərinin birləşdirilməsi məqsədilə yaradılıb.*
R.Kərimov