Əmman şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi və İordaniya Haşimilər Krallığı Xarici İşlər və Mühacir Məsələləri Nazirliyi arasında siyasi məsləhətləşmələrin birinci raundu keçirilib, ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
Qeyd olunur ki, siyasi məsləhətləşmələr 15 may tarixində Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayevin İordaniyaya səfəri çərçivəsində baş tutub.
“Məsləhətləşmələr zamanı siyasi, iqtisadi, enerji, humanitar, parlamentlərarası əlaqələr və logistika sahələri üzrə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub”, - məlumatda deyilir.
İordaniya tərəfinə Cənubi Qafqaz bölgəsində münaqişə sonrası mövcud olan vəziyyət, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq və reinteqrasiya işləri barədə məlumat verilib.
XİN-dən əlavə edilib ki, tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar. **
R.Kərimov