Azərbaycan Mərkəzi Bankı “Günay Bank” ASC-nin lisenziyasının 17 may tarixindən etibarən ləğv edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət edib.
Lisenziyanın ləğv edilməsinə səbəb bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olması, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirməməsi olub.
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə “Günay Bank” ASC-yə müvəqqəti inzibatçı təyin olunub.
AMB-nin məlumatına görə, “Günay Bank”ın Azərbaycanın bank sisteminin aktivlərində xüsusi çəkisi 0,6%, kredit portfelində 1%, sektorun öhdəliklərində isə cəmi 0,5% təşkil edir.
“Əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar Əmanətlərin Sığortalanması Fondu tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcək. 2023-cü ilin I rübünün sonuna bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 milyon manat təşkil edir. Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq”, - AMB-dən vurğulanır.
Beləliklə, Azərbaycanda lisenziyaya malik olan bankların sayı 24 təşkil edir.
“Günay Bank” ASC 1992-ci ildə fəaliyyət üçün lisenziya alıb. Bankın səhmdarları 3 fiziki şəxsdir. Bankın maliyyə hesabatına əsasən, aprelin 1-nə “Günay Bank”ın aktivləri 274,3 milyon manat, kredit portfeli 200,9 milyon manat təşkil edib. Martın 31-nə “Günay Bank”ın kapitalı 67 milyon 978,28 min manat (artım 0,6%), nizamnamə kapitalı 64 milyon 910,093 min manat (dəyişməyib) təşkil edir. **
A.Əzizov