Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Slovakiya parlamentinin sədri Boris Kolları qəbul edib, tərəflər həmçinin enerji sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
Dövlət başçısının saytındakı məlumatda qeyd olunur ki, gprüş zamanı Əliyev aprelin 25-də Sofiyada Bolqarıstan (“Bulqartransqaz”), Rumıniya (“Transqaz”), Macarıstan (FGSZ), Slovakiyanın (Eustream) ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanmasının önəmini qeyd etdi.
Əliyev “Həmrəylik Halqası” (STRİNG) layihəsi çərçivəsində Azərbaycan-Slovakiya əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu bildirdi. Azərbaycan prezidenti ticarət, qarşılıqlı investisiya qoyuluşu, nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğuladı.
Öz növbəsində, Slovakiyanın Azərbaycanın ərazi bütövlüyünü tam və qəti şəkildə dəstəklədiyini bəyan edən Kollar Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərini qeyd etdi, orada Slovakiya şirkətlərinin də fəaliyyət göstərməkdə və müxtəlif layihələrdə iştirak etməkdə maraqlı olduğunu diqqətə çatdırdı.
Kollar əlavə etdi ki, Slovakiya istehsal olunan minatəmizləmə maşınları humanitar minatəmizləmə fəaliyyəti üçün Azrbaycan ərazisində səmərəli şəkildə tətbiq olunur.
Söhbət zamanı ölkələrimiz arasında enerji sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olundu, bu yaxınlarda Bolqarıstanda əsası qoyulmuş STRİNG təşəbbüsü çərçivəsində Azərbaycan qazının Slovakiyaya çatdırılması istiqamətində böyük perspektivlərin olduğu bildirildi.
“Görüşdə Slovakiyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına verdiyi dəstək yüksək qiymətləndirildi”, - məlumatda deyilir. **
R.Kərimov