Çərşənbə günü Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanı qaçırmağa cəhd ediblər. Bu barədə Paşinyanın ailəsinə məxsus olan “Aykakan jamanak” məlumat verir.
“Bu gün saat 15:00 radələrində Ermənistanın baş nazirinin oğlu Aşot Paşinyanı evin yaxınlığındakı ərazidən qaçırmağa cəhd ediblər. İlkin məlumata əsasən, baş tutmayan qaçırılmanın iştirakçıları “Oğulların harayı” ictimai təşkilatın üzvləridir (2020-ci ildə Qarabağ müharibəsində həlak olan hərbi qulluqçuların valideynləri tərəfindən yaradılıb - İF) . Onlar Aşot Paşinyanı avtomobilə oturmağa məcbur ediblər, lakin o bir anda maşından düşərək qaçıb. Bundan sonra baş nazirin oğlunu həmin təşkilatın arxadan gələn avtomobili vurub", - nəşr yazır.
Nəşr qeyd edir ki, Paşinyan ayağından xəsarət alıb, o hüquq-mühafizə orqanlarına müraciət edib, ictimai təşkilatın üzvləri isə hadisə yerini tərk ediblər.
Həlak olan hərbçilərin valideynlərindən biri Qarik Qaleyan Ermənistan mətbuatına bəyan edib ki, onlar baş nazirin oğlunu görüb, ona maşına oturmağı təklif ediblər.
“Biz dedik, otur “Yerablur”a (hərbi qəbiristanlıq) gedirik ki, atanın nə törətdiyini görəsən. Biz dedik ki, ona heç nə etməyəcəyik. O, könüllü olaraq maşına oturdu, biz yola düşdük, yolun ortasında isə o maşından düşüb qaçdı”, - Qaleyan deyib.
Ermənistan polisindən “İnterfaks”a məlumat verilib ki, baş nazirin oölu tərəfindən qaçırılma cəhdi barədə məlumat daxil olub.
“Qaçırılma haqqında məlumat daxil olub. Zəruri tədbirlər görülür, sənədlər İstintaq Komitəsinə göndərilib”, - polisdən qeyd olunub.**