2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $7 milyard 286 milyon 951,59 min təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 6,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $17 milyard 882 milyon 674,29 min (2022-ci ilin eyni dövrü ilə müqayisədə artım 12.7% - İF) təşkil edib. Hesabat dövründə ixracın həcmi $12 milyard 584 milyon 812,94 min (artım 6,4%), idxalın həcmi $5 milyard 297 milyon 861,35 min (artım 31,1%) təşkil edib.
İxracın strukturunda əsas həcm (90,57%) neft-qaz sektoru məhsullarının payına düşüb.
İdxalın strukturunda 14,12% ərzaq məhsullarının, 0,63% tütün və tütün məhsullarının, 4,49% əczaçılıq məhsullarının, 0,45% gübrələrin, 3,18% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,48% odun və agac məhsullarının, 2,02% geyim və geyim aksessuarlarının, 5,83% qara metallar və onlardan hazırlanan məmulatların, 17,55% maşın, mexanizm, elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 14,87% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,86% mebelin, 33,52% digər məhsulların payına düşüb.
Xarici ticarət əməliyyatlarında 7 133 özəl və dövlət müəssisəsi və 23 484 fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan 179 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 45,85%-i), Türkiyə (14,52%), İsrail (4,01%), İspaniya (4,24%), Yunanıstan (4,6%), Hindistan (4,33%), Rumıniya (2,39%), Çexiya (2,57%), Rusiya (2,78%) və Almaniya (2,51%) ilə, əsas idxal əməliyyatlarını isə Rusiya (19,59%), Çin (14,59%), Türkiyə (14,31%), Türkmənistan (5,07%), Fransa (4,61%), Almaniya (4,97%), İran (3,11%), İtaliya (2,64%), ABŞ (2,9%) və Qazaxıstanla (2,48%) həyata keçirib.
2022-ci ildə Azərbaycanın xarici ticarətinin müsbət saldosu $23 milyard 606 milyon 771,14 min təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 2,2 dəfə çoxdur.**
B.Rüstəmbəyov