2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $1 milyard 387 milyon 220,47 min təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 55,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bu dövrdə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 7,76%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb və RF Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub.
Yanvar-aprel aylarında Azərbaycandan Rusiyaya ixracın həcmi $349 milyon 476,34 min (artım 75,7%) təşkil edib. Bütövlükdə, Azərbaycandan ixracın 2,78%-i Rusiyanın payına düşüb (RF Azərbaycanın əsas ixrac istiqamətləri üzrə 6-cı yerdədir).
Rusiyadan Azərbaycana tədarükün həcmi $1 milyard 37 milyon 744,13 min (artım 49,4%) təşkil edib. Azərbaycana idxalın ümumi həcmində 19,59% Rusiyadan idxalın payına düşüb (RF Azərbaycana №1 idxalçıdır).
Beləliklə, bu dövrdə RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $688 milyon 267,79 min təşkil edib.
2022-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $3 milyard 710 milyon 239,41 min təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 23,9% çoxdur.**
B.Rüstəmbəyov