“Azərkosmos” və Azərbaycanın kənd təsərrüfatının ən iri şirkəti olan “Agro Dairy” peyk təsvirlərinin kənd təsərrüfatı sahələrinin monitorinqində istifadəsinə dair əməkdaşlıq müqaviləsi imzalayıblar. Bu barədə cümə axşamı “Azərkosmos” məlumat verir.
Müqavilə Bakıda keçirilən XVI “Caspian Agro” Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində imzalanıb.
“Azərkosmos”dan qeyd olunub ki, razılığa əsasən, peyk təsvirlərindən istifadə etməklə Azərbaycanda kənd təsərrüfatı ərazilərinin, əkinlərin inkişaf vəziyyətinin monitorinqi aparılacaq və əkin ərazilərinin elektron xəritəsinin hazırlanması layihələri həyata keçiriləcək.
Bitki örtüyü xəritəsinin hazırlanmasında il ərzində müxtəlif aylarda dövri peyk təsvirləri, o cümlədən “Azersky” peykinin arxiv bazasında toplanmış təsvirlərdən də istifadə olunacaq.
“Agro Dairy” şirkəti ilə əməkdaşlığımız sayəsində peyk təsvirlərinin istifadəsi ilə sahəvi iş həcmi dəfələrlə azalmış olacaq, ölkəmizdə kənd təsərrüfatında məhsuldarlığın daha dəqiq proqnozlaşdırılması və optimallaşdırılmasına töhfə verəcəyik”, - məlumatda “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədovun sözlərindən sitat gətirilir.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.**
R.Kərimov