2023-cü ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin sayı 11 min 440 nəfər və ya 0,1% artaraq 2023-cü il aprelin 1-nə 10 milyon 138,585 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 54,6%-i şəhər, 45,4%-i isə kənd sakinləridir. Əhalinin 49,8%-ni kişilər, 50,2%-ni qadınlar təşkil edir.
Yanvar-mart aylarında ölkə üzrə 27 min 753 doğulan körpə qeydə alınıb ki, bu da bir il əvvəllə müqayisədə 4,9% azdır və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,1 təşkil edib. Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 53,3%, qızların xüsusi çəkisi isə 46,7% olub. Körpələrin 902-si əkiz, 54-ü üçəmdir.
Bu dövrdə 16 min 672 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölənlərin sayı 6,7 (2022-ci ilin yanvar-mart aylarında 7,5 - İF) təşkil edib.
Cari ilin yanvar-mart aylarında ölkədə qeydiyyat şöbələri tərəfindən 11,87 min nikah (2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə azalma 18,7%) və 5,118 min boşanma halı (artım 41,5%) qeydə alınıb.
Hesabat dövründə Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 886 nəfər gələn və 527 nəfər ölkədən gedən qeydə alınıb.*
X.Nəsirzadə