Moskva ümid edir ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üzrə vəziyyətin sabitləşməsi ilə bağlı qərarlara başqa ölkələr də hörmətlə yanaşacaq. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Biz Cənubi Qafqaz ətrafındakı vəziyyəti təhlil etdik, hesab edirik ki, liderlərimizin (Rusiya, Azərbaycan və Ermənistan – İF) razılaşmalarına alternativ yoxdur. Biz regionda sülh və sabitliyin bərqərar olmasında maraqlıyıq. Biz vəziyyətin sabitləşməsi ilə bağlı bütün qərarların yerinə yetirilməsinə nail olacağıq”, - deyə o, bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə üçtərəfli görüşdə bildirib.
RF XİN başçısı bugünkü görüşün konstruktiv atmosferdə keçəcəyinə və Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birbaşa dialoqunun əlavə nəticələr əldə etməyə imkan verəcəyinə ümidvar olduğunu bildirib.
“Ümid edirəm ki, bu regionda olmaqda maraqlı olan bütün digər ölkələr onlara hörmətlə yanaşacaq”, - deyə Lavrov vurğulayıb.*