Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü tərəflərin sülh müqaviləsi və digər məsələlərlə bağlı mövqeyini yaxınlaşdırmağa imkan verib. Bunu Rusiya XİN başçısı Sergey Lavrov deyib.
“Bu gün müzakirə etdiyimiz sülh müqaviləsi və bir sıra maddələrə dair hər iki tərəfin yanaşmasını ortaq mövqeyə yaxınlaşdırmaq mümkün olub”, - deyə o, Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra bildirib.
Lavrov qeyd edib ki, hazırda Azərbaycan və Ermənistan XİN başçılarının ikitərəfli görüşü keçirilir.
Onun sözlərinə görə, gələn həftə baş nazir müavinlərinin rəhbərlik etdiyi üçtərəfli qrupun nəqliyyat kommunikasiyalarının açılması məsələləri üzrə görüşü planlaşdırılır. “Ümid edirik ki, yekunda müsbət nəticə əldə olunacaq. Tərəflər artıq yekun razılaşmaya yaxındırlar”, - deyə Rusiya XİN başçısı əlavə edib.
Bundan başqa, nazirlər tezliklə RF-nin konsultativ iştirakı ilə sərhədin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın iclasının keçirilməsi ilə bağlı razılığa gəliblər.
“Sülh müqaviləsi üzərində iş, əlbəttə ki, əsas məsələdir. Amma bizim tərəfdaşlarımız bu gün təsdiqləyiblər ki, delimitasiya məsələləri həll edilmədən, nəqliyyat və kommunikasiya əlaqələri açılmadan, Qarabağda və Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliklə bağlı vəziyyət yaxşılaşmadan sülh müqaviləsinin konkret aspektləri üzrə irəliləmək çətindir”, - deyə Lavrov qeyd edib.*