Rusiyanın “Sollers” avtomobil şirkəti “Azərmaş”ın müəssisələrində yüngül kommersiya avtomobillərinin (LCV) istehsalının təşkili barədə razılığa gəlib. Bu barədə Rusiya şirkətinin mətbuat xidmətindən məlumat verilib.
“Sollers” SC-nin baş direktoru Nikolay Sobolev və “Azərmaş” MMC-nin İdarə Heyətinin sədri Emin Axundov bu gün “Rusiya-İslam Dünyası: KazanForum” Beynəlxalq İqtisadi Forumu çərçivəsində müvafiq əməkdaşlıq müqaviləsi imzalayıblar.
“Memorandum Rusiyadan gətirilən hissələrdən istifadə etməklə “Azərmaş”ın müəssisələrində “Sollers” markalı yüngül kommersiya avtomobillərinin istehsalının təşkilini nəzərdə tutur”, - deyə “Sollers”in məlumatında qeyd olunur.
Tərəflər, həmçinin daxili tələbatın ödənilməsi, avtomobil ixracının həyata keçirilməsi və Rusiya ilə Azərbaycan arasında avtomobillərin sənaye yığımı üzrə mütəxəssislərin mübadiləsi istiqamətində tədbirlərin görülməsi barədə razılığa gəliblər.*
B.Rüstəmbəyov