Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycanın regionda sülhün və davamlı inkişafın təmin edilməsi üzrə səylərinə tam dəstək ifadə edib.
“Azərbaycanın beynəlxalq aləmdə mövqeyi və nüfuzu durmadan artmaqdadır. Bu xüsusda regionda sülhün və davamlı inkişafın təmin edilməsi istiqamətində həyata keçirdiyiniz ədalətli və qətiyyətli səylərinizi tamamilə dəstəklədiyimizi bir daha qeyd etmək istərdim”, - Mirziyoyevin Azərbaycan prezidenti İlham Əliyevə 28 May - Müstəqillik Günü münasibətilə ünvanladığı təbrikdə qeyd olunur.
Azərbaycan iderinin saytında dərc ounan məktubda Özbəkistan prezidenti vurğulayıb ki, açıq və məhsuldar dialoqlar, ali və yüksək səviyyələrdə səfərlərin mübadiləsi nəticəsində iki ölkə arasında strateji tərəfdaşlıq tamamilə yeni səviyyəyə yüksəlib.
O cümlədən, Mirziyoyev yaxın zamanda Bakıya səfərinin anonsunu verib.
“Əminəm ki, yaxın gələcəkdə Azərbaycana səfərimiz çoxşaxəli və uzunmüddətli əlaqələrimizdə yeni tarixi dövrün başlanğıcı olacaq, əməkdaşlığımızı arzuladığımız və mövcud imkanlarımıza uyğun şəkildə daha yüksək səviyyəyə çatdıracaq”, - o qeyd edib. **
V.Əliyev