Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, Bakı və İrəvan sülh sazişinin mətnini razılaşdırsa, iyunun 1-də Kişineuda keçiriləcək görüşdə sənədin imzalanması mümkündür.
“Bizim vəzifəmiz danışıqları (Azərbaycanla sülh sazişi ilə bağlı – İF) mümkün qədər tez başa çatdırmaq və sənədi imzalamaqdır. Komandamız intensiv işləyir”, - deyə o, bu gün mətbuat konfransında bildirib.
İyunun 1-də Kişineuda keçiriləcək görüşdə Bakı ilə sülh sazişinin imzalanması mümkünlüyü ilə bağlı suala Paşinyan belə cavab verib: “Biz sülh sazişi layihəsi ilə bağlı təkliflərimizi Azərbaycana dördüncü dəfə təqdim etmişik. Əgər Azərbaycan bu həftə təkliflərimizə cavab verərsə, təhlil üçün bir neçə gün, bir həftə kifayət edərsə və biz kompromislər çərçivəsində yanaşmaları məqbul hesab edərsək, niyə də yox”.
“Ancaq biz hələ Azərbaycandan cavab almamışıq”, - deyə o əlavə edib.*