2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasına dünyanın 168 ölkəsindən 522,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Gələnlərin 31,7%-i Rusiya Federasiyası, 20,9%-i Türkiyə, 8,4%-i İran, 5,5%-i Gürcüstan, 5%-i Hindistan, 2,3%-i Pakistan, 2,2%-i Birləşmiş Ərəb Əmirlikləri, 2%-i Qazaxıstan, 1,8%-i Özbəkistan, 1,7%-i Səudiyyə Ərəbistanı, hər birindən 1,6% olmaqla Ukrayna və Belarus, 1,3%-i Türkmənistan, 1,2%-i Küveyt, 12,8%-i digər ölkələrin vətəndaşları olub.
Gələnlərin 75,8%-ni kişilər, 24,2%-ni qadınlar təşkil edib.
2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 213,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,7 dəfə artaraq 27,6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4% artaraq 76,2 min nəfər olub.
2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 23,2% artaraq 493,1 min nəfər olub. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,8 dəfə, Gürcüstana gedənlərin sayı 41,6%, Türkiyəyə gedənlərin sayı 5,5% artıb, İrana gedənlərin sayı isə 26,5% azalıb.
Ölkə vətəndaşlarının 38,9%-i Türkiyəyə, 24,1%-i Rusiya Federasiyasına, 9,4%-i Gürcüstana, 7,8%-i İrana, 19,8%-i digər ölkələrə səfər edib.
Gedənlərin 69,6%-ni kişilər, 30,4%-ni qadınlar təşkil edib.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycan Respublikasına dünyanın 178 ölkəsindən 1 milyon 602,3 min və ya 2021-ci illə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
2022-ci ildə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1,5 dəfə artaraq 1 milyon 489,5 min nəfər olub.*
X.Nəsirzadə