Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan Avropaya qaz ixracını artıracaq.
“Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. Nəql edilən, yəni, ixrac edilən qazın həcmi ildən-ilə artır və artacaq”, - deyə dövlət başçısı mayın 22-də Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatla çıxışında bildirib.
Əliyev Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün göstərdiyi səylərə görə Litvaya təşəkkürünü bildirib.
“Bu gün biz geniş fikir mübadiləsi əsnasında bir çox önəmli məsələləri müzakirə etdik, bir daha bizim strateji tərəfdaşlığımızı təsdiqlədik. Keçən il Prezident Nauseda Azərbaycanda rəsmi səfərdə idi, bu il isə mən Litvada rəsmi səfərdəyəm. Biz bu ilin əvvəlində Davosda da görüşmüşdük. Yəni, bu, özlüyündə onu göstərir ki, aramızda çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar təbii ki, bütün digər sahələrə də öz müsbət təsirini göstərir. Biz çox ümid edirik ki, gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcək. Əminəm ki, bu gün keçiriləcək biznes forum bu istiqamətdə atılan önəmli addım olacaqdır”, - deyə Azərbaycan Prezidenti qeyd edib.
2022-ci ildə Azərbaycan qaz ixracını 18% - 22,3 milyard kubmetrə qədər artırıb, Avropaya 11,4 milyard kubmetr qaz (+39%) ixrac edilib.
2023-cü ildə Azərbaycandan qaz ixracı 24,5 milyard kubmetr həcmində planlaşdırılır, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.
Bakı ilə Brüssel arasında əldə olunmuş razılaşmalara əsasən, 2027-ci ilədək Azərbaycan qazının Aİ bazarına ixrac həcmi ildə 20 milyard kubmetrə çatmalıdır.*
R.Əhmədov