Azərbaycan 2027-ci ilədək Avropaya təbii qaz təchizatını 20 milyard kubmetrə çatdırmağı planlaşdırır. Bunu Prezident İlham Əliyev deyib.
“2021-ci ildə Avropaya təbii qaz təchizatımız 8 milyard kubmetr olmuşdur, bu il isə 12 milyard kubmetr olacaq və 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılacaq. Fikrimcə, bu, minimal həddi təşkil edir”, - deyə dövlət başçısı mayın 22-də Vilnüsdə keçirilən Azərbaycan-Litva biznes forumunda bildirib.
Əliyev, həmçinin qeyd edib ki, Azərbaycan bu yaxınlarda Xəzərdə ən iri yataqlardan birində hasilatın başlanmasını elan edəcək.
Onun sözlərinə görə, bərpaolunan enerji mənbələrinə qoyulan sərmayələr təbii qaza ixrac məqsədləri üçün qənaət etmək imkanını yaradacaq.
“Avropanın etibarlı təchizatçısı kimi Azərbaycan bu gün nefti, təbii qazı və elektrik enerjisini ixrac edir. Biz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac etməyi planlaşdırırıq. Bütün bunlar bizim Avropa İttifaqı ilə əməkdaşlığımızın strateji çərçivəsinin bir hissəsidir. Biz Azərbaycanın və Avropa Komissiyasının daha yaxın olmaq səylərinə verdikləri daimi dəstəyə görə litvalı dostlarımıza və tərəfdaşlarımıza minnətdarıq”, - deyə dövlət başçısı bildirib.
Əliyev bildirib ki, Azərbaycandakı münbit investisiya şəraiti gələcəkdə iqtisadiyyatı şaxələndirməyə və enerji sektorundan asılılığı azaltmağa imkan verir.
“Düşünürəm ki, biz iqtisadiyyatımızı xeyli şaxələndirə biləcəyik və enerji sektorundan asılılığı azaldacağıq. Baxmayaraq, enerji sektoru enerji təhlükəsizliyimizdə və Avropanın enerji təhlükəsizliyində öz mühüm rolunu oynamağı davam etdirəcək. Biz daşımalar sektorunu yalnız tranzit gəlirləri baxımından yox, o cümlədən kiçik və orta müəssisələr üçün marşrut boyunca istehsal qurmaq, biznes təmasları yaratmaq, xidmət göstərmək fürsəti kimi görürük. Bu gün Litva və Azərbaycan öz regionlarında mühüm daşımalar qovşağıdır. Beləliklə, biz Xəzər və Baltik regionları arasında şəbəkə qurmalıyıq və bu, mümkündür. Çünki biz Avropanın enerji xəritəsinə nəzər salsaq, o, əsasən, Azərbaycanın təşəbbüsləri sayəsində kəskin şəkildə dəyişib”, - deyə prezident vurğulayıb.*
X.Nəsirzadə